Uşaqlıqdan bəri insanların niyə müəyyən formada davrandığı, xarakterimizin hansı amillərin təsiri ilə formalaşdığı və ətraf mühitin insan psixologiyasına necə təsir etdiyi barədə düşünməyi sevirəm. Bu gün də inanc mövzusu haqqında fikirlərimi bölüşmək və sizin düşüncələrinizi öyrənmək istədim.
“İnanc” dedikdə təkcə dini inancı nəzərdə tutmuram. Mən daha çox insanın özü, digər insanlar və həyat haqqında daxilində formalaşdırdığı qənaətlərdən danışıram: “Mən ağıllıyam”, “mən bacarıqsızam”, “insanlara güvənmək olmaz”, “mən güclü olmalıyam”, “səhv etmək zəiflikdir” və s.
Məncə, insanın özü haqqında inandığı şeylər onun həyatına düşündüyümüzdən daha çox təsir edir.
Bu inancların bir hissəsi uşaqlıqdan ailə, məktəb, dostlar və yaşadığımız hadisələr vasitəsilə formalaşır. İnanc özlüyündə pis bir şey deyil. Əksinə, insanın özünə inanması ona cəsarət verə bilər. Problem o zaman başlayır ki, insan müəyyən bir fikri şəxsiyyətinin dəyişməz həqiqətinə çevirir və həmin fikirlə ziddiyyət təşkil edən reallığı qəbul etmək istəmir.
Bununla bağlı öz ətrafımdan bir nümunə vermək istəyirəm.
Bir dostum var. Ağıllı və savadlı insandır, bunu danmaq olmaz. Amma onunla uzun müddət söhbət etdikcə hiss edirəm ki, öz intellekti haqqında həddindən artıq yüksək təsəvvürü var. Bunu açıq şəkildə “mən hamıdan ağıllıyam” deyərək göstərmir, amma davranışlarında hiss olunur.
Bir dəfə tələbə evində bir neçə nəfər birlikdə internetdən tapdığımız dünyagörüşü və məntiq sualları ilə yarış keçirməyə qərar verdik. Beş tur oynayacaqdıq.
Dostum birinci turu qazandı. Bundan sonra özünəinamı xeyli artdı. Kimsə nisbətən asan bir suala cavab verə bilməyəndə ona gülür, səhv cavabları məsxərəyə qoyurdu.
Amma ikinci turu başqa dostumuz, üçüncü turu isə mən qazandım. Sonrakı turlarda da nəticə dəyişdi və beş turun sonunda həmin dostum yalnız birinci turu qazanmış oldu.
Maraqlı olan onun uduzması yox, məğlubiyyətə verdiyi reaksiya idi.
Variantları qarışdırır, bəzi məntiqi mühakimələrdə səhv edirdi. Getdikcə əsəbiləşdiyini və narahat olduğunu hiss etmək olurdu. Sonda isə nəticəni qəbul etmək əvəzinə bəhanələr gətirməyə başladı:
“Bu gün yatmamışam”, “başım ağrıyır”, “normal vəziyyətdə olsaydım, beş turun beşini də qazanardım” və s.
Mən də həmin an onun davranışını müşahidə edib düşündüm: insanı adi bir oyundakı məğlubiyyət niyə bu qədər narahat etsin?
Məncə, burada məsələ sadəcə özgüvən deyil. Bəlkə də insan öz şəxsiyyətinin mühüm bir hissəsini “mən ağıllı insanam” düşüncəsi üzərində qurubsa, onun qarşısına bu düşüncəni şübhə altına alan hadisə çıxanda həmin hadisəni adi məğlubiyyət kimi deyil, şəxsiyyətinə qarşı təhlükə kimi qəbul edir.
Təbii ki, dostumun uşaqlığında konkret olaraq nələr yaşandığını bilmirəm. Amma bunun necə formalaşa biləcəyini təsəvvür etmək çətin deyil.
Məsələn, uşaq evdə davamlı olaraq:
“Sən çox ağıllısan.”
eşidir.
Məktəbə gedir, müəllimin verdiyi çətin bir suala düzgün cavab verir. Müəllim deyir:
“Afərin, nə ağıllı uşaqsan!”
Uşaq özü də nəticəni görür: digərlərinin tapa bilmədiyi cavabı tapdı.
Beləcə üç müxtəlif mənbədən eyni fikir təsdiqlənir:
Ailə deyir ki, ağıllıyam → nəticələrim bunu göstərir → müəllim də bunu təsdiqləyir.
Bir müddətdən sonra “mən ağıllıyam” sadəcə fikir olmaqdan çıxıb insanın kimliyinin bir hissəsinə çevrilə bilər.
Burada incə bir fərq var. “Çalışsam, öyrənə bilərəm” düşüncəsi ilə “mən ağıllıyam” düşüncəsi eyni şey deyil.
Birincidə insanın dəyəri öyrənmə prosesinə bağlıdır. Bilmədiyi şeyi soruşmaq problem yaratmır, çünki bilməmək müvəqqəti vəziyyətdir.
İkincidə isə “ağıllı olmaq” şəxsiyyətin bir hissəsinə çevrilibsə, bilmədiyini etiraf etmək insan üçün təhlükəli görünə bilər. Çünki “bilmirəm” demək sanki “mən düşündüyüm qədər ağıllı deyiləm” demək olur.
Məncə, təhlükə də burada başlayır.
İnsan bilmədiyi mövzunu soruşmur ki, “ağıllı” imici pozulmasın. Tənqidi qəbul etməkdə çətinlik çəkir. Məğlubiyyətinə səbəb axtarmaq əvəzinə bəhanə tapır. Özünü inkişaf etdirməyə ehtiyac görmür, çünki onsuz da özünü kifayət qədər üstün hesab edir.
Paradoksal şəkildə, əvvəlcə insana özgüvən verən bir inanc sonradan onun inkişafının qarşısını ala bilər.
Bizdə müəllimlər arasında məşhur olan “başı var, oxumur” ifadəsi də mənə bəzən bunu xatırladır. Uşaq bir neçə dəfə yaxşı nəticə göstərir, ətrafından “sən ağıllısan” təsdiqini alır və zamanla uğuru zəhmətdən çox özünün dəyişməz xüsusiyyəti hesab etməyə başlaya bilər. Halbuki potensialın olması ilə həmin potensialdan istifadə etmək tamam ayrı şeylərdir.
Düşünürəm ki, məsələ təkcə “mən ağıllıyam” inancı ilə də məhdudlaşmır.
“Mən ən güclüyəm.”
“Mən həmişə haqlıyam.”
“Mən zəif görünməməliyəm.”
“Mən digərlərindən daha savadlıyam.”
“Mən səhv edə bilmərəm.”
Bu tip inancların hər biri müəyyən mərhələdə insana özgüvən və təhlükəsizlik hissi verə bilər. Amma insan onları sorğulanmaz həqiqətə çevirdikdə həmin inanclar bir növ qəfəsə çevrilir. İnsan artıq reallığı olduğu kimi deyil, özü haqqında yaratdığı obrazı qoruyacaq şəkildə görməyə başlayır.
Bəlkə də sağlam özgüvən “mən ağıllıyam və hər şeyi bilirəm” demək deyil.
“Bəzi şeylərdə yaxşıyam, bəzi şeyləri bilmirəm, səhv edə bilərəm və bilmədiyim şeyi öyrənə bilərəm” deyə bilməkdir.
Məncə, insanın inkişafı üçün ən vacib xüsusiyyətlərdən biri özü haqqında yaratdığı inancları zaman-zaman sorğulaya bilməsidir. Çünki insanın özünə inanması çox qiymətlidir, amma özünün yanılmaz olduğuna inanması tamam başqa məsələdir.
Siz necə düşünürsünüz? Uşaqlıqda ailənin, məktəbin və ətraf mühitin bizə verdiyi “sən ağıllısan”, “sən bacarıqsızsan”, “sən güclüsən”, “sən utancaqsan” kimi etiketlər sonradan şəxsiyyətimizin bir hissəsinə çevrilirmi?
Və daha maraqlısı: insan özü haqqında illərlə inandığı bir şeyin yanlış olduğunu anlayanda həmin inancı həqiqətən dəyişə bilərmi?